Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Göytəpə şəhərində şəhid ailələrini ziyarət edib

28 sentyabr 2021 | 16:00

     Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və hüquq-mühafizə orqanlarının rəhbərləri Göytəpə şəhərində Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin və şəhid Vüqar İbadovun ailə üzvlərini ziyarət etmişlər.

      Görüş iştirakçıları ilk öncə Göytəpə şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar.

    RİH başçısı Rəşad Abdullayevin valideynlərinin yaşadığı ünvana gedərək onlarla görüşmüşdür. Ziyarət zamanı RİH başçısı Rafiq Cəlilov şəhid ailəsinə başsağlığı vermiş, Vətən müharibəsində həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləmişdir.

     Rəşad Abdullayevə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən  ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün və  Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

      Rafiq Cəlilov şəhid İbadov Vüqar Sadiq oğlunun ailə üzvlərini yaşadıqları ünvanda ziyarət etmiş,şəhid ailəsinə başsağlığı vermiş, şəhidimizə rəhmət, ailəsinə səbr diləmişdir. Görüşdə şəhid Vüqar İbadovun ömür yolundan, Vətənə olan sevgisindən və qəhrəmanlıq dolu xatirələrindən də danışılıb. Şəhid Vüqar İbadov ilk gündən torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılıb Cəbrayılın, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərib və 2020-ci il oktyabrın 19-da şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İbadov Vüqar Sadiq oğlu  ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" və  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

     Hər iki görüşdə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanmasından, Zəfərlə sona çatan müharibədə Vətənimizin igid oğullarının qəhrəmanlıqlarından söz açılıb.Şəhid ailələrinin üzvləri arzu və təkliflərini bildirməklə yanaşı, onlara daim qayğı ilə yanaşan ölkəmizin başcısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edib, rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.

     Rafiq Cəlilov Göytəpə şəhərində olarkən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mürsəlov Vüqar Mirəzbər oğlunun büstünü ziyarət etmişdir. Mürsəlov Vüqar Mirəzbər oğlu 10 mart 1963-cü ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuşdur. 1991-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilmiş və Füzuli, Ağdam, Laçın, Şuşa, Goranboy, Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. Vüqar Mürsəlov 9 iyun 1992-ci ildə Tərtər rayonunun Cəmilli kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuş, Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Mürsəlov Vüqar Mirəzbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Göytəpə şəhərində təhsil aldığı məktəbə onun adı verilmiş, şəhərin mərkəzində büstü qoyulmuşdur. Tərtər, Göytəpə və Cəlilabad şəhərlərində adına küçə var.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər